|
Biri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi.
Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı. Qarı nənə onu görüb soruşdu:
-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?
Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:
-Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!
Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı.
Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:
-Qarı nənə, mənim tikanımı qaytar!
Qarı nənə dedi:
-Haradan alım, atdım təndirə, yandı.
Cik-Cik xanım dedi:
-Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram.
Qarı nənə güldü.
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı.
Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:
-Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!
Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:
-Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.
Cik-Cik xanım cavab verdi:
-Mən toxam, yemirəm, özün ye.
Çoban çörəyi yeyib qaçaram.Cik-Cik xanım qanadlarını yellədib dedi:
-Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.
Çoban dedi:
-Çörəyini haradan alım? Yedim, getdi.
Cik-Cik xanım dedi:
-Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!
Çoban gülüb dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.
Cik-Cik xanım dedi:
-Gör indi sənin başına nə oyun gətirəcəyəm?
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:
-Ay aman, ağam məni öldürəcək!
Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:
-Ay qardaşlar, hara gedirsiniz?
Atlılar cavab verdilər:
-Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.
Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:
-Alın, padşahın toyuna gətirmişəm.
Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi.
Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar.
Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu.
Cik-Cik acığa düşüb padşaha dedi:
-Mənim qoyunumu ver! Dedilər:
-Qoyunu yemişik, qurtarıb gedib.
Cik-Cik xanım dedi:
-Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam!
Hamı güldü.
Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi.
Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.
Padşah bir başına döydü, bir gözünə, ağladı.
Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.
Cik-Cik xanım dedi:
-Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.
Aşıq sevinib dedi:
-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı!
Cik-Cik xanım sazı aldı, gəlini verdi.
Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.

|
|